Rauf Əliyev də “Səbail”dən getdi

Səbail” hücumçusu Rauf Əliyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Rauf Əliyev 2020-ci ilin yanvarından “Səbail”in formasını geyinirdi. Azərbaycan millisinin sabiq forvardı “dənizçilər”in heyətində bütövlükdə 54 oyuna çıxıb. O, bu matçlarda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İlk peşəkar klubu “Qarabağ” olan Rauf, sonralar “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter” (indiki “Şamaxı”), “Kukesi” (Albaniya) və “Qəbələ”nin də uğurları üçün çalışıb. Azərbaycan milli komandasında meydana çıxdığı 46 oyunda 7 qol vurmuş hücumçunun qarşıdakı mövsümdə “Kəpəz”də forma geyinməsi gözlənilir.

Xatırladaq ki, “Səbail” daha öncə Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo, Əfran İsmayılov və Mirsahib Abbasovla yollarını ayırmışdı. “Dənizçilər” hələlik gedənlərin əvəzinə cəmi bir transfer edib. Bu, “Zirə”dən ayrılan Ağabala Ramazanovdur. Həmçinin Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafov və Hüseynəli Quliyevlə yeni müqavilə imzalanıb.