Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Bu yay “Səbail”dən azad agent kimi ayrılan hücumçu ilə bir illik müqavilə imzalanıb.
Rauf Əliyev 2020-ci ildən “Səbail”də çıxış edirdi. O, daha öncə “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter” (indiki “Şamaxı”), “Kukesi” və “Qəbələ”də də forma geyinib. 33 yaşlı futbolçu Azərbaycan milli komandasında keçirdiyi 36 oyunda 7 qol vurub.
“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Georgi Kantariya, Mate Kvirkviya və Əfran İsmayılovu da transfer etmişdi. Samir Məhərrəmli (“Sabah”) ilə Zamiq Əliyev (“Qarabağ”) isə icarəyə götürülüb. Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla da yeni müqavilə imzalanıb. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımov isə “Kəpəz”dən ayrılıb.