“Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda “Braqa”ya rəqib olmasını dəyərləndirib.
Arena.az xəbər verir ki, bu gün futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da bu mərhələdəki rəqibi məlum olub. Qurban Qurbanovun komandası 1/8 finala vəsiqə uğrunda “Braqa” ilə qarşılaşacaq.
Azərbaycan millisinin və Ağdam klubunun sabiq hücumçusu Rauf Əliyev Arena.az-a açıqlamasında keçmiş komandasının bu rəqibi keçmək şansları barədə bunları söyləyib:
“Braqa” asan rəqib deyil. Daim avrokuboklarda çıxış edən komandadır. Türkiyə klublarına qarşı matçları daha çox yadımda qalıb. Çətin rəqibdir. Portuqaliya futbolunun gücü məlumdur. “Qarabağ”ın işi çətindir. Amma “Braqa” ilə oynamaq olar. Ümid edirəm ki, “Qarabağ” sonda bizi sevindirər. Məncə, bu rəqibi keçmək olar”.