“Kəpəz”in bu ilin yayında heyətinə qatdığı sağ cinah müdafiəçisi Rauf Hüseynli Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşdıqları “Turan Tovuz”la oyundan danışıb.
O, 1:2 hesabıyla uduzduqları həmin qarşılaşmadakı hakim idarəçiliyindən şikayətlənib.
Müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında komandasının yaxşı oyunu ilə yanaşı, matçın hakim idarəçiliyi ilə gündəmə gəldiyini söyləyib:
“Komanda şəklində yaxşı oyun sərgilədik, final fitinə kimi səylə mübarizə apardıq. Amma hakimin simpatiyası açıq-aşkar rəqibə tərəf idi. Verilməyən penaltilərimiz oldu. Bütün ikili mübarizələrdə hakimlər meydan sahiblərinin xeyrinə qərar verirdilər. Konkret mənimlə bağlı epizodda rəqib arxadan zərbə endirdi. Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud oynadı. VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı. Belə hakimlərin liqada oyun idarə etməsi nə dərəcədə düzdür, bilmirəm. Amma bunun bizə aidiyyatı yoxdur, müvafiq qurumlar hakimliyi araşdırmalıdırlar. Biz öz işimizi görməyə davam edəcəyik. Üzərimizdə daha çox işləyib irəli getməliyik. İnşallah, gələn oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Rauf Hüseynli sabah Tovuzda qarşılaşacaqları “Səbail”lə oyun barədə də danışıb:
“Hazırlığımız yaxşı keçib. Komandada ab-hava yaxşıdır, hər şey qaydasındadır. Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanıb həm azarkeşləri sevindirək, həm də turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq”.


