Rauf Məmmədov Fransa çempionu oldu

Şahmat üzrə Azərbaycan yığmasının üzvü Rauf Məmmədov komandalar arasında təşkil edilmiş Fransa çempionatının qalibi olub.

Arena.az bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub. Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun yer aldığı “Chartres Echecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Rauf Məmmədov 6 oyunda iştirak edib. Şahmatçımız 2 partiyada qələbə qazanıb, 4 oyunda heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xalı olan “Bischwiller” ikinci, 27 xal toplayan “Asnieres le Grand Echiquer” komandası üçüncü yeri tutub.

Yeri gəlmişkən, Azərbaycanın digər şahmatçısı Vasif Durarbəyli də Amerika Birləşmiş Ştatlarında keçirilmiş “Las Vegas International” turnirinin qalibi olub. 32 yaşlı qrossmeyster bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Vasif Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.

O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: “Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi”.