Rauf Məmmədov və Günay Məmmədzadə çempion oldular

Rauf Məmmədov və Günay Məmmədzadə yanvarın 31-də start götürmüş və bu gün başa çatmış şahmat üzrə Azərbaycan çempionatının qalibi olublar.

Arena.az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-brek görüşləri baş tutub.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində iki dəfə heç-heçə edən Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər. Tay-brekdə rəqibindən üstün olan Rauf Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.

Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirmədiyindən üçüncü yerin sahibi daha öncə dəqiqləşmişdi. Misrətdin İskəndərov oynamadan bu hüquqa yiyələnib.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar. Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib. Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.

Bu gün yarışın bağlanış və mükafatlandırma mərasimi də baş tutub. Əvvəlcə çempionata dair videorolik nümayiş olunub. Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında çempionatın yüksək səviyyədə təşkilinin ölkəmizdə şahmatın inkişafına mühüm təsir göstərəcəyini bildirib. Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında titullu şahmatçıların çempionatda iştirakına diqqət çəkib və qalibləri təbrik edib.

Daha sonra qaliblərə medal, kubok, gül dəstələri və sertifikat təqdim olunub.

Xatırladaq ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edib. Kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanıb.

Xəbəri istədiklərinizlə paylaşın