“Sabah”ın mərkəz yarımmüdafiəçisi Rauf Rüstəmli bundan sonra Premyer Liqanın digər təmsilçisi “Karvan”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilir ki, klub müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçini cari mövsümün sonuna qədər icarəyə götürüb.
Xatırladaq ki, Rauf Rüstəmli 2025/2026-cı illər mövsümünün ilk dövrəsini icarə əsasında “Sumqayıt”da keçirib. Lakin gənc futbolçu çox şans qazana bilmədiyi üçün bu qış fasiləsində “Sabah”a qayıtmağa qərar vermişdi.
Rüstəmli cari mövsümə “Sumqayıt”ın heyətində 11 oyuna çıxıb, məhsuldar fəaliiyyəti ilə diqqət çəkməyib.
“Qəbələ”nin yetirməsi olan Rauf 2023-cü ilin yayında “Sabah”la müqavilə bağlayıb. Onun paytaxt təmsilçisi ilə sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Rauf Rüstəmli karyerası boyunca “Qəbələ”, “Sabah” və “Şamaxı”da top qovub. O, Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış edib, 2025-ci ildə isə əsas millimizdə debüt edib.


