Raul Bellanova “Kalyari”ni “Torino”ya dəyişdi

İtaliyanın “Kalyari” klubunun sağ cinah müdafiəçisi Raul Bellanova A Seriyasının digər təmsilçisi “Torino”ya transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı italyan futbolçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Torino” bu transfer üçün 7 milyon avrosundan keçib.

“Milan”ın yetirməsi olan Raul Bellanova peşəkar karyerasına “Bordo”da başlayıb. O, “Atalanta”, “Peskara” və “İnter”də də oynayıb. “Kalyari”də 31 oyuna 1 qol və 2 assistlə yadda qalmış müdafiəçi İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Miha Popa və Kevin Haveri də “Torino”da

“Torino” Rumıniyanın “Voluntari” klubunun gənc qapıçısı Miha Popanı da heyətinə qatıb. 22 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. Azad agent statusu daşıyan rumın qapıçı üçün əlavə ödənişə ehtiyac qalmayıb. Miha Popa “Voluntari”dən öncə ölkəsində “Rapid” (Buxarest), “Astra”, “Farul” və “Vitorul” kimi klublarda da forma geyinib. O, ölkəsinin gənclərdən ibarət yığmalarında da oynayıb.

Turin klubu “Rimini”də forma geyinən albaniyalı sol cinah müdafiəçisi Kevin Haverini də transfer edib. Klub onun keçidi üçün 300 min avro ödəyib. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Daha öncə “Mantova” və “Kampodarseqo”da da oynamış futbolçu 2021-ci ildən “Rimini”də çıxış edirdi. O, Albaniyanın U-17 və U-19 yığmalarında da oynayıb.

İki yeni müqavilə, iki ayrılıq

“Torino” mərkəz müdafiəçisi Koffi Djidji ilə də yeni müqavilə bağlayıb. Müqaviləsinin müddəti bu yay bitən futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin 30 iyununa qədər Turin klubunun uğurları üçün çalışmağa davam edəcək.

Fransada dünyaya göz açmış, “Nant”ın yetirməsi olan Djidji 2018-ci ildən formasını geyindiyi “Torino”da 99 oyuna çıxıb, 1 qol vurub. 30 yaşlı futbolçu bir müddət “Krotone”də icarədə də olub.

“Torino” italiyalı hücumçusu Nikola Rauti ilə də yeni müqavilə bağlayıb. 23 yaşlı futbolçunun yeni sözləşməsi 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. Turin klubunun öz yetirməsi olan Rauti əsas komandada cəmi 1 matça çıxıb. O, daha öncə “Montsa”, “Palermo”, “Peskara” və SPAL kimi klublarda icarədə olub. Qarşıdakı mövsümdə isə hücumçunun “Südtirol” klubunda icarədə oynayacağı dəqiqləşib. Nikola İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Torino”da fransız yarımmüdafiəçi Mişel Adopo və nigeriyalı vinger Ola Ayna da komandanı tərk ediblər. Adopo azad agent kimi “Atalanta”ya keçib. 22 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. O, “Torino”da 13 oyuna cəmi 1 qol vurub. Yarımmüdafiəçi “Viterbese” klubunda icarədə də olub. Ola Ayna isə azad agent kimi komandanı tərk edib və hazırda klubsuzdur. “Çelsi”nin yetirməsi olan 26 yaşlı futbolçu Turin klubunda 113 oyuna 2 qol vurub, 7 assistlə yadda qalıb. Vaxtilə “Çelsi”də 6 oyun keçirmiş yarımmüdafiəçi “Hall Siti” və “Fulhem”də də oynayıb. Ayna Nigeriya millisində də 30 oyun keçirib.