Azərbaycanlı atlet Ravin Alməmmədov Albaniyada keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, Albaniyanın Dürres şəhərində təşkil olunmuş dünya birinciliyində Azərbaycan millisinin üzvləri də mübarizə aparıblar.
Bu gün millimizin üzvlərindən daha biri – Ravin Alməmmədov da körpücük üzərinə çıxıb. Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi 73 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb.
Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb.
Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.
Toplam 303 kq (136+167) nəticə göstərən atletimiz yekun sıralamada dünya birinciliyinin gümüş medalçısı olub.
Daha öncə Azərbaycan atletlərindən Dəniz Cabbarlı (55 kq) dünya birinciliyində 7-ci, Turan Əliyev (67 kq) isə 9-cu yeri tutmuşdu.
Xatırladaq ki, aprelin 1-nə qədər davam edəcək ağır atletika üzrə dünya birinciliyində 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atlet iştirak edir. Azərbaycan millisi bu turnirə 3 atletlə yollanmışdı.


