“Mançester Yunayted”in sabiq oyunçusu Rayan Giqqz “qırmızı şeytanlar”ın gənc yarımmüdafiəçisi Alexandro Qarnaço haqqında danışıb.
Arena.az uelsli əfsanənin bu barədə fikrini təqdim edir:
“Qarnaço bir udum təmiz hava kimidir. Ancaq unutmayın ki, o, gənc oyunçudur və uğursuzluqları olacaq. Onun hər oyunda parlaq olmasını gözləmək olmaz. O, Raşford, Antoni, Sanço kimi oyunçuların tərəqqisinə kömək etməlidir. Onlar düşünəcəklər: “Heyətə düşmək üçün qarşımdakı oyunçudan daha yaxşı olmalıyam”, deyə Rayan Giqqz fikrini açıqlayıb.
Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko” (Madrid) futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib. Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qarnaço “qırmızı şeytanlar”ın heyətində 2 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, yeni mövsümə uğurlu startı ilə diqqət mərkəzindədir. Argentinalı vingerin İngiltərə nəhənginin heyətində ümumi çıxışı rəqmlərin gözü ilə belə mənzərə yaradır: 87 oyun, 16 qol, 9 məhsuldar ötürmə.
Perspektivli gənc vinger “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) və İngiltərə Federasiya Kubokunu (2024) qazanıb.
Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, yığmanın heyətində Amerika Kubokunun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 20 yaşlı Alexandro Qarnaçonu 45 milyon avro məbləğində qiymətləndirir.