Rayan Qravenberx “Bayern”i “Liverpul”a dəyişdi

Niderland yığmasının və Almaniya çempionu “Bayern”in mərkəz yarımmüdafiəçisi Rayan Qravenberx “Liverpul”a keçib.

Arena.az bu barədə “Liverpul”un rəsmi saytına istinadən məlumat verir.

“Liverpul” “Bayern”in yarımmüdafiəçisi Rayan Qravenberxlə uzunmüddətli müqavilənin imzalanmasını iş icazəsinin alınması şərti ilə tamamlayıb”, – Premyer Liqa klubunun mətbuat xidmətindən bildiriblər.

“Qırmızılar” yarımmüdafiəçi üçün Almaniya nəhənginə 40 milyon avro ödəyəcəklər. Daha 5 milyon avro məbləğ isə mümkün bonuslar kimi gələcəkdə ödəniləcək. Qravenberxin “Liverpul”la müqaviləsi 2028-ci ilin iyunun sonuna qədər nəzərdə tutulub.

“Ayaks”ın yetirməsi olan Rayan Qravenberx “Bayern”ə ötən ilin yayında 18,5 milyon avro müqabilində keçmişdi. O, geridə qalmış 2022/2023 mövsümündə “Bayern”in heyətində 24 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib və Bundesliqanın qalibi olub.

Qravenberx 2021-ci ilin mart ayında debüt etdiyi Niderland yığmasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

“Bayern” iki gənc futbolçusunu da icarəyə verib. Münhen təmsilçisi sol cinah vingeri Ariyon İbrahimoviçi İtaliyanın “Frozinone” klubuna icarəyə göndərib. Mərkəz yarımmüdafiəçisi Paul Vanner isə “Elversberg”ə keçib. 17 yaşlı futbolçular bu mövsümün sonuna kimi icarədə olacaqlar.

Qravenberxi heyətinə qatan “Liverpul” da iki futbolçusunu icarəyə göndərib. Mərkəz müdafiəçisi Nataniel Fillips “Seltik”ə, dayaq yarımmüdafiəçisi Tayler Morton isə “Hall Siti”yə keçib. Onlar da bu mövsümün sonuna kimi icarədə oynayacaqlar.

Nataniel Fillips daha öncə “Ştutqart” və “Bornmut”da da icarədə olub. 26 yaşlı ingilis yetirməsi olduğu “Liverpul”da cəmi 29 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.