İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Rayan Sessenyon bundan sonra “Fulhem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Fulhem”in rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçunu azad agent kimi heyətinə qatıb. İngilis yarımmüdafiəçi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Rayan Sessenyon məhz “Fulhem”in yetirməsidir. O, vaxtilə bu klubun əsas komandasında 120 oyuna çıxıb, 25 qol və 18 assistlə yadda qalıb. “Fulhem” yetirməsini 2019-cu ilin avqust ayında 27 milyon avroya “Tottenhem”ə satmışdı. Sessenyon “Tottenhem”də 57 matça çıxıb, 3 qol və 4 assist müəllifi olub. O, 2020/2021 mövsümündə Almaniyanın “Hoffenhaym” klubunda icarədə də olub.
Rayan İngiltərənin U-16, U-17, U-19 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Sessenyonu heyətinə qaytaran “Fulhem” iki futbolçusu ilə də yollarını ayırıb. Slovakiyalı qapıçı Marek Rodak bu klubu azad agent kimi tərk edərək Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq”la 3 illik müqavilə bağlayıb.
Slovakiyanın “Koşitse” klubunun yetirməsi olan Marek Rodak 2013-cü ildən “Fulhem”də idi. 27 yaşlı qolkiper bu klubun əsas komandasında 93 matça çıxıb, 91 qol buraxıb, 38 matçda qapısını toxunulmaz saxlayıb. O, “Farnboro”, “Uellinq Yunayted”, “Roterem Yunayted”, “Akkrinqton” kimi klublarda icarədə də olub.
Slovakiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Rodak, 2020-ci ildə əsas millidə debüt edib. O, Slovakiya yığmasında 22 matç keçirib, 21 qol buraxıb, 7 matçdan “quru” çıxıb.
“Fulhem”in mərkəz yarımmüdafiəçisi Tayriz Fransua da azad agent kimi “Uiqan”a keçib. 24 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Tayriz də “Fulhem”in yetirməsidir. Yarımmüdafiəçi bu klubun əsas komandasında cəmi 11 oyuna çıxıb. O, “Vayle” və “Qoritsa” klublarında icarədə də oynayıb. Avstraliyanın U-23 yığmasında oynamış Fransua, əsas millidə debüt şansı qazanmayıb.