“Rayo Valyekano” bu 3 transfer üçün 10 milyon avro xərclədi

İspaniyanın “Rayo Valyekano” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi “Espanyol”un hücumçusu Raul de Toması, Gimaraynş “Vitoriya”sından müdafiəçi Abdul Mumini, “Saraqosa”dan Pep Çavarriyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Raulun transferi üçün “Espanyol”a 8 milyon avro ödənilib. Çavariyyanın keçidi 1.8, Muminin transferi isə 1.5 milyon avroya başa gəlib. Abdulla 4, Raul və Peplə 5 illik müqavilə imzalanıb.

Raul De Tomas Madrid “Real”ının yetirməsidir. Amma o, paytaxt klubunun əsas komandasında forma şansı qazanmayıb. 27 yaşlı hücumçu “Real”da olduğu dönəmdə “Kordoba” və “Valyadolid”lə yanaşı, “Rayo Valyekano”da da icarədə olub. O, 2017-2019-cu illər aralığında bu komandada 62 oyuna çıxıb, 38 qol vurub. 2019-cu ilin yayında “Real” De Toması Portuqaliyanın “Benfika” klubuna 20 milyon avroya satıb. Portuqaliyada cəmi bir mövsüm oynayan hücumçu, 2020-ci ilin yayında 22.5 milyon avro qarşılığında “Espanyol”a keçib. O, bu komandada 89 oyuna 45 qola imza atıb. Raul İspaniya millisində də 4 oyun keçirib, amma qol hesabını aça bilməyib.

Abdul Mumin peşəkar karyerasına Danimakranın “Nordsyelland” klubunda başlayıb. O, bu ölkədə “Koqe”nin də formasını geyinib. Qanadan olan 24 yaşlı mərkəz müdafiəçisi 2020-ci ildən “Vitoriya”nın formasını geyinirdi. O, Portuqaliya klubunda 61 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Pep Çavarriya isə karyerasına “Fiqeras”da başlayıb. Daha sonra “Olot”da forma geyinmiş sol cinah müdafiəçisi, 2020-ci ildən “Saraqosa”nın uğurları üçün çalışırdı. İspaniyadan olan 24 yaşlı futbolçu, bu komandanın heyətində 75 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Rayo Valyekano” qapıçısı Luka Zidanı da “Eybar”a icarəyə verib. Fransadan olan 24 yaşlı qolkiper, bu mövsümün sonunadək icarədə olacaq. Məşhur Zinədin Zidanın oğlu olan Luka, Madrid “Real”ının yetirməsidir. O, “Rayo Valyekano”dan öncə “Rasinq”in də formasını geyinib. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, La Liqa təmsilçisində cəmi 28 matça çıxıb.