Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Rayo Valyekano” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra İniqo Peres çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı mütəxəssislə bu mövsümün sonuna kimi nəzərdə tutulmuş müqavilə imzalanıb.
İniqo Peres məşqçiliyə elə “Rayo Valyekano”da başlayıb. O, 2022-ci ilin iyul ayından bu klubda köməkçi məşqçi kimi fəaliyyətdə idi. Peres baş məşqçi postunda elə bu gün istefaya göndərilmiş Fransisko Rodriqesi əvəz edib.
Fransisko Rodriqes bu komandaya 2023-cü ilin yayında baş məşqçi təyin olunmuş və 1 illik (2024-cü ilin 30 iyununa qədər) müqavilə imzalamışdı. O, La Liqa təmsilçisini bütövlükdə 27 oyuna çıxarıb. Madrid klubu bu görüşlərdə 8 qələbə qazanıb, 9 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.
Paytaxt təmsilçisi İspaniya La Liqasının cari mövsümündə 24 oyuna topladığı 24 xalla 14-cü pillədə qərarlaşıb. Bu komanda çempionat oyunlarında 5 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətlə üzləşib.


