Rayola: “Donnarumma PSJ-də qalmaq istəyir”

PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola müştərisinin parislilərlə yeni müqaviləyə dair danışıqlar apardığını bildirib.

Arena.az Rayolanın bu barədə məlumatını təqdim edir:

“O, PSJ-də qalmaq istəyir, müqavilənin müddətinin uzadılması ilə bağlı ilk danışıqlar artıq aparılıb. “Cici” “Pari Sen-Jermen”in əfsanəsi ola bilər”, deyə Rayola bəyan edib.

Xatırladaq ki, Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 4 oyuna çıxıb, 3 qol buraxıb, 1 oyundan “quru” qurtulub. Canluicinin PSJ-də ümumi statistikası isə belədir: 118 oyun, 116 buraxılmış qol, 40 “quru” oyun.

Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 68 oyun keçirib. O, bu oyunlarda 56 qol buraxıb, 28 oyunda qapısının toxunulmazlığını təmin edib. Canluici “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı Donnarummanı 40 milyon avro məbləğində qiymətləndirir.