“Real” 2015-ci ildən bəri ÇL-də ən yaxşı silsiləsinə imza atdı

Fevralın 13-də “Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Leypsiq” üzərində səfər qələbəsi (1:0) qazanıb.

Arena.az məlumat verir ki, bu, İspaniya nəhənginin cari mövsümdə UEFA Çempionlar Liqasında keçirdiyi 7 oyunda 7-ci qələbəsidir.

Madrid təmsilçisi bu oyunlarda rəqiblərinin qapısına 17 qol vurub, öz qapısından isə 7 qol buraxıb. Bu nəticə “Real”ın 2015-ci ildən bəri UEFA Çempionlar Liqasında göstərdiyi ən yaxşı silsilədir. O vaxt – 2014-cü ilin aprelindən 2015-ci ilin fevralına qədər müddətdə “kral klubu” ardıcıl 10 oyunda qalib gəlmişdi.

Cari mövsümdə Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasının “C” qrupunda “Napoli”, “Braqa” və Berlin “Union”u ilə oyunlarda mütləq nəticə – 18 xal əldə ediblər.

“Real” “Leypsiq”ə qarşı cavab oyununu martın 6-da Madriddə keçirəcək.