“Real” Çempionlar Liqasında antirekordunu təkrarladı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutan “Mançester Siti” ilə cavab matçı “Real” üçün antirekordla yadda qalıb. Arena.az xəbər verir ki, Madrid təmsilçisi qitənin ən nüfuzlu klub turnirindəki ən ağır məğlubiyyət antirekordunu təkrarlayıb.

Mançesterdə 0:4 hesabıyla uduzan İspaniya nəhəngi 2009-cu ildə “Liverpul”la qarşılaşmada da eyni aqibətlə üzləşmişdi. “Kral klubu” ümumilikdə avrokuboklar tarixində 1965-ci ildə “Benfika”ya və 1980-ci ildə “Hamburq”a 1:5, 1989-cu ildə isə “Milan”a 0:5 hesabı ilə uduzub. Lakin həmin vaxt bu turnir Çempionlar Liqası adlanmırdı.

Daha bir maraqlı məqam Madrid təmsilçisinin ÇL-də “Mançester Siti” ilə səfərdə keçirdiyi 5 oyunun heç birində qalib gələ bilməməsidir. İspanlar bu oyunlardan 2 heç-heçə, 3 məğlubiyyətlə ayrılıblar. “Şəhərlilər”i bu baxımdan yalnız “Milan” qabaqlayır. Çünki İtaliya təmsilçisi “Kral klubu”nu avrokuboklarda qəbul etdiyi 7 qarşılaşmadan 5-ində qalib gəlib, 2 dəfə “sülh bağlayıb”.

“Mançester Siti” “Real” üzərindəki qələbə ilə bütün turnirlər çərçivəsindəki məğlubiyyətsizlik seriyasını 23 oyuna çatdırıb. İngiltərə nəhəngi sonuncu dəfə fevral ayında “Tottenhem”ə səfərdə 0:1 hesabı ilə uduzub. Komanda həmin oyundan sonra keçirdiyi matçların 19-da qələbə qazanıb, 4 matç isə heç-heçə yekunlaşıb.

Yeri gəlmişkən, UEFA Çempionlar Liqasının finalı “Mançester Siti” ilə “İnter” arasında bu turnir çərçivəsindəki ilk duel olacaq. Bu komandalar indiyə qədər ÇL-də heç vaxt üz-üzə gəlməyiblər.

Xatırladaq ki, “Mançester Siti” yarımfinalda “Real”ı 5:1 (ilk oyun 1:1, cavab matçı 4:0), “İnter” isə İtaliyanın digər təmsilçisi “Milan”ı 3:0 (ilk oyun 2:0, cavab matçı 1:0) üstələyərək finala yüksəliblər. Bu komandalar arasındakı həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın