“Real” Din Höysenlə müqavilə imzaladığını bəyan etdi

İspaniya nəhəngi “Real” “Bornmut”un 20 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Din Höysenlə müqavilə bağlayıb.

Arena.az bu barədə “Real”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Höysen cari ilin iyun ayının 1-də “qaymaqlılar”ın düşərgəsinə keçəcək. “Kral klubu” Höysenlə 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayacaq.

Daha əvvəl “Real”ın futbolçunun keçidi müqabilində “Bornmut”a 60 milyon avro məbləğində ödəniş edəcəyi ilə bağlı məlumat yayılıb. Nüfuzlu “Transfermarkt” intenet-portalı isə müvafiq məbləği 59,50 milyon avro olaraq təqdim edir.

Din Höysen futbola “Kosta Unida” klubunda qədəm qoyub, sonra “Malaqa”da çıxış edib. Ardınca “Yuventus”un akademiyasına yol tapmış Höysen böyük futbolda “byankoneri”nin heyətində debüt edib. Daha sonra “Roma”ya icarəyə verilmiş Höyseni “Qoca Sinyora” ötən ilin iyul ayında 15,20 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Bornmut”a satıb.

Höysen “Bornmut” üçün ümumilikdə 34 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə verib.

Din Höysen 2025-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib. Əlavə edək ki, İspaniyanın əsas yığmasına qədər Höysen Niderlandın U-17, U-18 və U-19 yığmalarında çıxış edib, sonra isə İspaniya U-21 yığmasına qoşulub.

Gənc futbolçunun qənimətlər muzeyində “Yuventus”la qazandığı 2023/2024-cü illər mövsümünün İtaliya Kuboku var.

“Transfermarkt” intenet-portalı 20 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Din Höysenin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Din Höysen müasir futbolun ən ümidverici müdafiəçilərindən biri hesab edilir, gənc futbolçu həmçinin 1,97 sm ucalığında boyu ilə diqqət çəkir.