“Real” Harri Keyn sevdasından əl üzdü

Madrid “Real”ı “Tottenhem”in və İngiltərə yığmasının hücumçusu Harri Keyni transfer etmək fikrindən daşınıb.

Arena.az “Diario AS”a istinadən xəbər verir ki, paytaxt klubu transfer üçün “Tottenhem”ə 116 milyon avro, üstəlik bonuslar ödəməyə, həmçinin hücumçuya illik 20 milyon avro məvacib verməyə hazır deyil.

Mənbənin məlumatına görə, 29 yaşlı ingilis hücumçu da heyətin cavanlaşması üçün “qaymaqlılar”ın yürütdüyü strategiyaya uyğun gəlmir.

Eyni zamanda, “Kral klubu” “Espanyol”un 33 yaşlı hücumçusu Xoseluya göz yetirir. Vurğulanır ki, madridlilər kataloniyalıların hücumçusunun yaşına, göstərdiyi keyfiyyətli oyun müqabilində göz yummağa razıdırlar. Bununla da “Real”, qiymət-keyfiyyət balansına meyl etməklə uğurlu sövdələşməyə ümid edir.

2022/2023 mövsümündə Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib. İngilis hücumçunun London klubu ilə müqaviləsi 2024-cü ilin İyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Keynin “Real”da oynamaq istəyi haqda məlumat yayılmışdı.