Avropa futbolunun nəhəngi “Real” maaş həddinə görə İspaniya La Liqasının klubları arasında ən aparıcı mövqeyə sahibdir.
Arena.az bu barədə “Marca” nəşrinin İspaniya La Liqasına istinadı əsasında məlumat verir.
“Kral klubu”nun futbolçu maaşlarına 754,9 milyon avro məbləğində xərc çəkdiyi bildirilir.
Maaş həddinə görə 2-ci yerdə 426 milyon avro xərcə imkanı çatmış “Barselona” qərarlaşıb. Üstəlik, cari ilin yanvar ayından bəri “blauqrana”nın mümkün xərcləri 270 milyon avro məbləğində artıb.
İlk üçlüyü isə 310,7 milyon avro məbləğində maaş ödəmək iqtidarında olmuş Madrid “Atletiko”su tamamlayır.
Müvafiq hesabatın artıq geridə qalmış yay transfer pəncərəsi başa çatdıqdan sonra müəyyənləşdiyi bildirilir.
Vurğulanır ki, məlum xərc həddinə həm sabit, həm də dəyişən maaşlar, sığorta haqları və transfer xərcləri daxildir.
İspaniya La Liqasının cari mövsümündə 4 turdan sonra “Real” 8 xalla yarış cədvəlində 4-cü pillədə qərarlaşıb. La Liqaya 4 oyunda mütləq nəticə – 12 xal toplamış “Barselona” başçılıq edir.