“Real” “Jirona” ilə oyuna mərkəz müdafiəçiləri olmadan çıxa bilər

“Real” La Liqanın 24-cü turu çərçivəsində mərkəzi görüşdə “Jirona”ya qarşı oyunu mərkəz müdafiəçiləri olmadan keçirə bilər.

Arena.az jurnalist Arança Rodrigesə istinadən məlumat verir ki, bu gün, fevralın 7-də baş tutan məşqdə komandanın mərkəz müdafiəçilərindən heç biri ümumi dəstədə çalışmayıb.

Mənbənin məlumatına görə, Antonio Rüdiger fərdi proqram üzrə meydançada, Naço Fernandes isə idman zalında məşq ediblər. David Alaba və Eder Militao ciddi zədələrdən – çarpaz bağların yırtığından sağalmaqda davam edirlər.

Vurğulanır ki, baş məşqçi Karlo Ançelotti, görünür, mərkəz müdafiəçisi kimi sağ cinah müdafiəçisi Dani Karvaxalın və dayaq yarımmüdafiəçisi Orelyen Tçuameninin xidmətlərindən istifadə edəcək.

Komandaların birinci dövrədəki oyunu “Real”ın 3:0 hesablı səfər qələbəsi ilə başa çatıb.

Madrid təmsilçisi “Jirona”nı fevralın 10-da “Santyaqo Bernabeu”da qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Daha bir əhəmiyyətli məqam bu qarşılaşmanın turun mərkəzi görüşü olmasıdır. Belə ki, madridlilər 58 xalla La Liqanın lideri, jironalılar isə 56 xalla təqibçi qismindədirlər. Tərəflərin hər hansı birinin büdrəməsi çempionluq yolunda böyük psixoloji əngələ çevrilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: