“Real” Kamavinqanın zədəsi ilə bağlı rəsmi bəyanat yaydı

“Real” “qaymaqlılar”ın fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanın zədəsinin xüsusiyyəti ilə bağlı rəsmi bəyanat yayıb.

Arena.az məlumat verir ki, İspaniya klubu bu barədə rəsmi saytında məlumat verib:

“Klubun tibbi xidmətlərinin apardığı müayinələrdən sonra futbolçumuz Eduardo Kamavinqaya sol ayağının budunun ikibaşlı əzələsinin zədəsi diaqnozu qoyulub. Klub vəziyyətin inkişafını gözləyir”, – “qaymaqlılar”ın rəsmi açıqlamasına deyilir.

Xatırladaq ki, Kamavinqa Çempionlar Liqasının Liqa mərhələsinin “Liverpul”la 5-ci tur səfər oyununun (0:2) 56-cı dəqiqəsində zədələnərək əvəzlənib.

Kamavinqanın zədədən bərpası haqda rəsmi məlumat olmasa da, fransalı futbolçunun iki-üç həftəlik sıradan çıxdığı haqda xəbərlər dolaşır.

Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro məbləğ müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kamavinqa “Real”ın heyətində 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Ümumilikdə Kamavinqa “Real”ın heyətində 154 oyuna 2 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.

Fransalı yarımmüdafiəçi “Real”la İspaniya La Liqasının (2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 24 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021 UEFA Millətlər Liqasını qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.