İspaniya nəhəngi “Real” “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin zədələnməsi ilə bağlı açıqlama yayıb.
Arena.az Madrid klubunun mətbuat xidmətinə istinadən, bu barədə rəsmi bəyanatı təqdim edir:
“Bu gün “Real”ın tibbi xidmətləri tərəfindən aparılmış müayinələrdən sonra Kilian Mbappenin sol ayağında ombanın ikibaşlı əzələsində zədə aşkarlanıb. Onun vəziyyəti nəzarətdə saxlanılacaq”, – bəyanatda deyilir.
Xatırladaq ki, Mbappa La Liqanın 7-ci turu çərçivəsində “Alaves”lə ev oyununda (3:2) zədələnib. Fransalı ulduz qol vurduğu oyunun 80-ci dəqiqəsində əvəzlənməsini istəyib.
“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.