İspaniya nəhəngi “Real” PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappeyə görə Fransa mətbuatından narazıdır.
Arena.az bu barədə “Sports.es” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Real” Mbappenin yayda PSJ-dən ayrılacağını öyrəndikdən sonra Fransa mətbuatının ulduz futbolçuya təzyiq edəcəyini təxmin etsə də, gənc futbolçuya ünvanlanan tənqidlərini miqdarındn narahatdır. İspaniya klubu müvafiq tənqidlərin yerli-yersiz ifadəsindən narazıdır.
Bildirilir ki, artıq İspaniya nəhəngi Mbappe ilə əlaqə saxlayıb. Klub bu xüsusda ulduz futbolçuya dəstəyini ifadə edib və bunun gözlənilən olduğunu izah edərək, tədricən çözüləcəyinə əmin edib.
Fransa mətbuatının Mbappenin Liqa 1-in 27-ci turunun Marsel “Olimpik”i ilə oyununun 65-ci dəqiqəsində əvəzlənməsindən narazı qalmasından sonra, Kilianın ünvanına tənqidləri daha da gücləndirdiyi vurğulanır. Həmin oyunda PSJ “Olimpik”i səfərdə 2:0 hesabı ilə məğlub etmişdi.
“Real” qarşıdakı oyunlarda da müvafiq təyziq və təpki ilə Mbappenin tənqid edilməsinin ulduz futbolçunun psixoloji tarazlığında fəsadlara yol açacağından ehtiyat edir.
Xatırladaq ki, bundan əvvəl, yayda Mbappenin “Real”a keçəcəyi və artıq bu klubla müddəti 2029-cu ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı haqda məlumat yayılıb.
Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 38 qol vurub, 8 məhsuldar ötürmə verib.
Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 298 oyun, 250 qol, 106 məhsuldar ötürmə.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.