“Real” Klublararası Dünya Çempionatında finala yüksəldi

Mərakeşdə təşkil olunmuş futbol üzrə Klublararası Dünya Çempionatında ikinci finalçının da adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, sonuncu yarımfinal görüşü Misirin “Əl-Əhli” və İspaniyanın “Real” (Madrid) komandaları arasında baş tutub.

Beş qolun qeydə alındığı matç Avropa təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “Real” da mundialın finalında oynamaq hüququ əldə edib.

Xatırladaq ki, ilk yarımfinal görüşündə Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal” Braziliyanın “Flamenqo” komandasına qalib gələrək həlledici oyuna vəsiqə qazanmışdı.

Klublararası Dünya Çempionatında mübarizəyə fevralın 11-də keçiriləcək oyunlarla yekun vurulacaq. Həmin gün əvvəlcə yarımfinalda uduzan komandalar – “Flamenqo” ilə “Əl-Əhli” üçüncü yer uğrunda mübarizə aparacaqlar. Həlledici oyunda isə “Real”la “Əl-Hilal” komandaları üz-üzə gələcəklər.

Klublararası Dünya Çempionatı
Yarımfinal
7 fevral

Flamenqo (Braziliya) – Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.

8 fevral

Əl-Əhli (Misir) – Real (İspaniya) 1:4
Qol: Əl-Maalul, 65-pen – Vinisius Junior, 42. Valverde, 46. Rodriqo, 90+2. Arribas, 90+8.