“Real” klubun 37 il öncəki rekordunu qırdı

İspaniya La Liqasının 36-cı turunda “Santyaqo Bernabeu”da “Alaves” üzərində 5:0 hesablı ev qələbəsi “Real” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu “quru” hesablı qələbə sayəsində Madrid təmsilçisi İspaniya çempionatları tarixində ilk dəfə olaraq bir mövsüm ərzində 20-ci “quru” oyununu keçirmiş olub.

Bu isə öz növbəsində “Real”ın 37 il öncə, 1986/1987-ci və 1987/1988-ci illər mövsümlərində nail olduğu və cari mövsümün ötən turunda təkrarladığı klub rekordunun qırılaraq yenilənməsi deməkdir.

“Qaymaqlılar” qarşıdakı turlarda “Vilyarreal” və “Betis”lə qarşılaşacaqlar. Paytaxt təmsilçisi bu oyunlarda da qapısının toxunulmazlığını təmin etməklə, cari mövsümdə mütləq rekordu daha da yaxşılaşdıra bilərlər.

36 oyunda 93 xal toplamış “Real” La Liqanın yarış cədvəlinin əlçatmaz zirvəsində qərarlaşıb.