“Real” La Liqa prezidentinin istefasını tələb etdi

Madridin “Real” klubu futbol üzrə İspaniya La Liqasının prezidenti Xavyer Tebasın dərhal istefa verməsini tələb edib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti rəsmi bəyanat yayıb.

Buna səbəb Tebasın Madrid təmsilçisinin klub televiziyasının fəaliyyətini nasist Almaniyasının təbliğat üsulları ilə müqayisə etməsidir. Madrid klubu bu fikirləri qəbuledilməz hesab etdiyini bildirib.

Bəyanatda vurğulanıb ki, İspaniya futbolunda böyük məsuliyyət daşıyan iki vəzifəni tutan şəxsin klubunu, rəhbərliyini və televiziya kanalını nüfuzdan salmaq üçün nasist rejiminin təbliğat üsulları ilə müqayisəyə əl atması son dərəcə ciddi və yolverilməz haldır.

Klub hesab edir ki, Xavyer Tebasın açıqlamaları və davranışı hörmət, neytrallıq və dürüstlük prinsiplərinə əsaslanan istənilən Avropa idman təşkilatında qəbuledilməz olardı. Madrid təmsilçisi bu səbəbdən onun tutduğu vəzifələrdə qalmağa mənəvi və institusional baxımdan uyğun olmadığını bəyan edib.

“Real” La Liqa prezidentinin, eləcə də İspaniya Kral Futbol Federasiyasının vitse-prezidentinin dərhal istefasını tələb edib.

Bəyanatda Madrid klubunun öz hüquqlarını və institusional nüfuzunu qorumağa davam edəcəyi, “Neqreyra işi”nin tam aydınlaşdırılmasına və İspaniya futbolunun yenilənməsinə nail olmaq üçün səylərini davam etdirəcəyi də qeyd olunub.

Qeyd edək ki, 64 yaşlı Xavyer Tebas 2013-cü ilin aprelindən La Liqaya rəhbərlik edir. O, 2023-cü ilin dekabrında dördüncü dəfə bu vəzifəyə seçilib. Onun hazırkı səlahiyyət müddəti 2027-ci ilə qədərdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: