İspaniyanın “Real” (Madrid) klubu bu ölkənin milli komandasının da üzvü olan hücumçusu Marko Asensio ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə “Kral klubu” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Açıqlamada bunlar qeyd olunub:
“Real” yeddi mövsümdür ki, komandamızın şərəfini qoruyan futbolçusu Marko Asensioya təşəkkürünü bildirir. O, 20 yaşında “Real”a gəlib və komandanın ən uğurlu dövrlərindən birində klubumuz üçün tarix yazmağı bacarıb. Biz madridlilər bütün bu müddət ərzində onun oyununu və davranışını heç vaxt unutmayacağıq. “Real” həmişə onun evi olub və olacaq. Klub ona və ailəsinə yeni mərhələdə uğurlar arzulayır”.
Xatırladaq ki, Marko Asensio 2016-cı ildən “Real”da çıxış edirdi. 27 yaşlı futbolçu bu müddətdə Madrid təmsilçisi ilə 17 kubok qazanıb. O, üç dəfə İspaniya çempionu və eyni sayda da Çempionlar Liqasının qalibi olub.
Asensio “Real”ın heyətində meydana çıxdığı 285 oyunda 61 qol vurub, 32 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Malyorka” və “Espanyol”un uğurları üçün çalışıb. Futbolçu İspaniya milli komandasının heyətində keçirdiyi 34 oyunda da cəmi 2 qolla yadda qalıb.