“Real” Mbappe üçün təklif ünvanlamayacaq, amma…

Madrid “Real”ı PSJ-nin hücumçusu Kilian Mbappenin transferi üçün ona hər hansı təklif vermək və ya kluba müraciət ünvanlamaq niyyətində deyil.

Arena.az məsələni diqqətdə saxlayan jurnalist-insayder Xose Feliks Diasın “Twitter” hesabına istinadən xəbər verir ki, madridlilər fransız hücumçunun transferindən imtina etmirlər.

Lakin bunun yeganə yolu 2024-cü ilin qışında komandaya azad agent kimi qoşulmaq üçün ilkin müqavilənin imzalanmasıdır. Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Başa çatan mövsümdə Mbappe PSJ ilə Fransa çempionluğunu qazanıb. Hücumçu 29 qolla Liqa 1-in ən sərrast futbolçusu adına sahib olub ki, bu, Mbappenin ardıcıl beşinci nailiyyətidir.

Ümumiyyətlə, Mbappe cari mövsümdə 43 dəfə PSJ-nin heyətində meydana çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Real” son illərdə fransız hücumçunu transfer etmək üçün çox çalışsa da, PSJ oyunçusunu daha sərfəli müqavilə şərtləri ilə heyətində saxlamağı bacarır. Baxmayaraq ki, Mbappenin də karyerasını Madrid təmsilçisində davam etdirməyə müsbət yanaşdığı iddia edilir.