“Real” Militao və Kurtua üçün yoldaşlıq görüşləri planladı

“Real” qapıçı Tibo Kurtua və mərkəz müdafiəçisi Eder Militaonun vəziyyətini yoxlamaq üçün daxili yoldaşlıq görüşləri təyin edib.

Arena.az məlumat verir ki, bu yoldaşlıq oyunları beynəlxalq fasilə zamanı keçiriləcək.

Baş məşqçi Karlo Ançelotti və komandanın tibbi heyəti bu futbolçuların apreldə meydana qayıtmasını istəyirlər. Amma eyni zamanda onlar futbolçuların sağlamlığını riskə atmaq istəmirlər. Bu səbəbdən daxili yoldaşlıq oyunlarının keçirilməsi və belçikalı qapıçı ilə braziliyalı müdafiəçinin sağlamlıq vəziyyəti haqda müşahidələr aparıb qərar edilməsi münasib bilinib.

Vurğulayaq ki, hər iki futbolçu “Real”ın əsas heyət oyunçusudur.

Xatırladaq ki, Kurtua 2023-cü il avqustun 10-da məşqdə sol dizinin ön çarpaz bağını yırtmışdı. Militao isə avqustun 12-dən eyni zədəsini sağaldır. Braziliyalı müdafiəçi La Liqanın 1-ci turunda Bilbao “Atletiko”su ilə oyunda (2:0) zədələnmişdi.

Müvafiq zədələr ağrılı olmaqla yanaşı, uzunmüddətli bərpaya ehtiyac duyurur.