“Real” Ronaldonu doğum günü münasibətilə təbrik etmədi

“Real” sabiq hücumçusu, portuqal ulduz Kristiano Ronaldonu doğum günü münasibətilə təbrik etməyən, futbolçunun yeganə keçmiş klubu olub.

Arena.az xatırladır ki, dünən, fevralın 5-də Ronaldonun 39 yaşı tamam olub.

Portuqal ulduzun çıxış etdiyi sabiq klubları – Lissabon “Sportinq”i, “Mançester Yunayted” və “Yuventus” sosial şəbəkələri vasitəsilə Ronaldoya təbriklərini ünvanlayıblar.

“Real”ın düşərgəsi isə bu münasibətlə susub.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal hücumçu ərəb komandasının düşərgəsinə 2023-cü ilin yanvarında İngiltərənin “Mançester Yunayted” klubundan azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb. O, bu oyunlarda 24 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib. O, bu oyunlarda 128 qola imza atıb və 46 məhsuldar ötürmə verib.

Kristiano Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı portuqal hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.