“Real Sosyedad” azarkeşləri Vinisus Junioru təhqir ediblər

İspaniya La Liqasının “Real Sosyedad”la 5-ci tur səfər oyununda “Real”ın braziliyalı cinah hücumçusu Vinisur Junior təhqirlə üzləşib.

Arena.az məlumat verir ki, “Real”ın 2:0 hesablı qələbə qazandığı oyunda bask komandasının azarkeşləri Vinisius Juniorun meydandakı fəaliyyətini “axmaq, axmaq” şüarı ilə müşayiət ediblər.

“Real Sosyedad” fanatları bununla braziliyalı ulduzu müvazinətdən çıxarmağa və yolverilməz davranışa təhrik ediblər. Buna rəğmən, Vinisius psixoloji tarazlığını qoruyub saxlaya bilib. Oyunun 58-ci dəqiqəsində penaltidən hesabı açdıqdan sonra isə braziliyalı futbolçu tribunalara yaxınlaşaraq, təmkinlə şəhadət barmağını dodaqlarına tutub. O, bununla meydan sahiblərinin tərbiyəsiz azarkeşlərini susmağa dəvət edib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 6 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 270 oyun, 85 qol, 78 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/205), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.