“Real” yeni mövsüm üçün əsas penaltiçisi ilə bağlı qərar verdi

Karlo Ançelottinin rəhbərlik etdiyi “Real”ın məşqçilər qərargahı qarşıdan gələn mövsüm üçün əsas penaltiçi ilə bağlı qərar qəbul edib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssisin qərargahı yeni mövsümdə “qaymaqlılar”ın penalti zərbələrini yerinə yetirmək məsulliyətini braziliyalı vinger Vinisius Juniora həvalə edib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsüm “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Vurğulayaq ki, “Vinni” mövsümün xeyli hissəsini zədəli olub.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.

“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.