“Real”da 2 yubiley: Luka Modriç 350-yə, Toni Kroos 300-ə çatdı

La Liqanın 28-ci turunda “Selta”ya qarşı ev oyununda (4:0) “Real”ın iki canlı əfsanəsi “qaymaqlılar”ın heyətində yubiley oyununu keçirib.

Arena.az məlumat verir ki, bu oyunda xorvat yarımmüdafiəçi Luka Modriç 350-ci, alman yarımmüdafiəçi Toni Kroos isə 300-cü dəfə La Liqa çərçivəsində meydana çıxıblar.

“Kral klubu”nun prezidenti Plorentino Peres hər iki futbolçusuna bu münasibətlə xüsusi forma hədiyyə edib və xatirə şəkilləri çəkdirib.

Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 32 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 520 oyun, 39 qol, 83 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.

Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 172 oyuna çıxıb, 24 qol vurub, 27 məhsuldar ötürmə verib.

Kroos isə “Real”a 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçib. Cari mövsümdə Kross “qaymaqlılar”ın heyətində 37 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 454 oyun, 28 qol, 96 məhsuldar ötürmə.

Yarımmüdafiəçi “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 3 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 4 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku – cəmi 21 qəniməti var.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 106 oyuna 17 qol vurub, 19 məhsuldar ötürmə verib. Toni “bundestim”lə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.