“Real”da Tibo Kurtua şoku – Klub bəyanat yaydı

“Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua La Liqanın 8-ci tur “Atletiko” ilə Madrid derbisində (1:1) zədələnib.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir:

“Real”ın tibbi xidmətlərinin bu gün keçirdiyi müayinələrdən sonra oyunçumuz Tibo Kurtuanın sol ayağından zədə aldığı müəyyən edilib. Onun vəziyyəti müşahidə altında izləniləcək”, – “qaymaqlılar”ın mətbuat xidməti bəyanat yayıb.

Xatırladaq ki, Madrid derbisi çərçivəsində oyunda “döşəkçilər”in azarkeşləri tribunalardan Kurtuanın üzərinə yad əşyalar, həmçinin alışqanlar atmağa başlayıblar. Hakim oyunun 68-ci dəqiqəsində komandaları meydandan çıxarıb. 20 dəqiqəlik fasilədən sonra isə oyun bərpa edilib, baş vermiş hadisə isə sənədləşdirilərək, intizam komitəsinin sərəncamına göndərilib.

Tibo Kurtua futbola Belçikanın “Bilzen” klubunda qədəm qoyub. Buradan “Genk”ə yol tapmış qapıçı böyük futbolda debüt edib. Daha sonra Kurtua “Çelsi”yə keçib və 2011-ci ilin iyulunda icarə əsasında Madrid “Atletiko”suna yollanıb. 2018-ci ilin avqustuna qədər Kurtua “döşəkçilər”in uğurları üçün çalışıb. Daha sonra belçikalı qapıçı “döşəkçilər”in düşərgəsindəki icarə müddətini başa vuraraq, transfer hüquqlarının məxsus olduğu “Çelsi”yə qayıdıb.

“Real” Kurtuanı 2018-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Çelsi”dən “qaymaqlılar”ın düşərgəsinə qatıb. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı “Real” üçün 10 oyun keçirib, 7 qol buraxıb, 4 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Kurtuanın “qaymaqlılar”ın düşərgəsində çıxışının ümumi mənzərəsi 245 oyun, 226 buraxılmış qol buraxıb və 100 “quru” oyundan ibarətdir.

“Real”ın heyətində belçikalı qapıçı 3 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 3 dəfə İspaniya Super Kubokunu, 2 dəfə UEFA Çempionlar Liqasını, 2 dəfə UEFA Super Kubokunu, 1 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmçinin Kurtuanın qənimətlər muzeyində “Atletiko” ilə qazandığı İspaniya La Liqası (2013/2014), İspaniya Kuboku (2012/2013), Avropa Liqası (2011/2012) və UEFA Super Kuboku (2012/2013) var.
Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 32 yaşlı qapıçının transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.