İspaniya La Liqasının 32-ci turunda “el klasiko”dan sonra “Real”ın azarkeşləri “Barselona”nın baş məşqçisi Xaviyə səsləniblər.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “Santyaqo Bernabeu”da “Real”ın “Barselona”nı 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonra tribunalar “blauqrana”nın baş məşqçisi Xavinin ünvanına çağırış ediblər.
“Xavi, qal!, Xavi, qal!” – sədaları ispan mütəxəssisi “Barselona”nı tərk etməməyə, “blauqrana”nın sükanı arxasında qalmağa səsləyib.
Xatırladaq ki, Xavi cari mövsümün sonunda “Barselona”nın baş məşqçisi vəzifəsini tərk edəcəyini açıqlayıb. İspan mütəxəssis fikrində qətiyyətli olduğunu və heç bir halda qərarından daşınmayacağını dəfələrlə vurğulayıb.
Yeri gəlmişkən, Xavi “Barselona”da 84 il sonra antirekordu təkrarlayıb. Bu, Kataloniya təmsilçisinin “Real”a uduzması nəticəsində gerçəkləşib. O, “el klasiko”da ardıcıl dördüncü matçda uduzan ikinci mütəxəssis olub. Bundan əvvəlki üç görüşdə də paytaxt klubu qələbəyə sevinmişdi – 4:0, 2:1 və 4:1.
Qeyd edək ki, “Barselona” daha əvvəl baş məşqçi Patrik Okonnell ilə 1935-1940-cı illərdə “el klasiko”da ardıcıl 4 məğlubiyyət almışdı.
Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, bu kluba Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 136 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb.
Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. O, futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 32 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 81 xala malik Madrid “Real”ı başçılıq edir.