“Real”ın düşərgəsində Mbappe ilə bağlı narazılıq yaranıb

“Real”ın paltardəyişmə otağında “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappenin davranışı səbəbindən müəyyən qıcıq yaranıb.

Arena.az “Relevo” dərgisinə istinadən məlumat verir ki, bu narazılıq fransalı ulduz hücumçunun meydanda fəaliyyətindən qaynaqlanır.

Mənbənin məlumatına görə, komanda Mbappenin müdafiədə kifayət qədər çalışmaması ilə bağlı narazıdır. Belə ki, məsələn, “Barselona” ilə La Liqa çərçivəsində keçirilmiş ev oyununda (0:4) fransalı ulduz hücumçu cəmi səkkiz kilometr qaçıb. Oyunçular bu qeyri-tarazlığa diqqət yetirib və onu necə aradan qaldırmağı müzakirə ediblər. Komanda heyəti belə qənaətdədir ki, hamının müdafiəyə diqqət yetirmək üçün ayaq döydüyü bir məqamda Mbappenin “sürünməsi” xətlər arasındakı tarazlığı pozur. Əbəs deyil ki, Mbappe bu oyunda 8 dəfə oyundankənar vəziyyətə düşüb və eyni səbəbdən, vurduğu 2 qol ləğv edilib.

Mbappenin tənbəlliyi səbəbilə digər oyunçular müdafiədə daha çox çalışmalı olublar. Kilianın özünü “çolaqlığa” vurması nəticəsində əsas “qurban” ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem olub. Mbappe “Real”a gələndən bəri, Bellingem əvvəlkindən daha çox qaçmalı və müdafiəyə diqqət yetirməli olub. Komanda üzvləri Mbappenin özünə tənqidlə yanaşmasını və müdafiə üzərində işləməyin də vacib olduğunu başa düşməsini istəyirlər.

Mbappe üçün yeni “vəzifə”

Hazırda, “Real”ın məşqçilər qərargahı bu fəsadın həlli üçün müxtəlif seçimləri nəzərdən keçirir. Onlardan biri, Mbappe və braziliyalı hücumçu Vinisius Junior arasında müdafiə öhdəliklərinin mübadiləsidir. Belə olan halda “Vini” rəqibin qapıçı və mərkəz müdafiəçilərinə ilk təzyiqi göstərəcək, Mbappe isə rəqibin sağ cinah müdafiəçisi mövqeyini basacaq.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: