“Tottenhem”in və İngiltərə yığmasının hücumçusu Harri Keyn yay transfer pəncərəsində Madrid “Real”ına keçməyəcək.
Arena.az bu haqda “Relevo”ya istinadən xəbər verir.
Məlumatda bildirilir ki, “Kral klubu”nun prezidenti Florentino Peres “Tottenhem”in rəhbəri Daniel Levi ilə yenidən danışıqlar aparmaq istəmədiyi üçün “Real” Keyn uğrunda mübarizədən çəkilmək qərarına gəlib. Peres 29 yaşlı futbolçunun əldə edilməsi üçün 100 milyon avro xərcləməyi düzgün hesab etmir.
Xatırladaq ki, Kərim Benzemanın Səudiyyə Ərəbistanına yollanması ilə hücum xəttinin gücləndirilməsinə ehtiyac duyan “Real” bu problemi “Espanyol” hücumçusu Xoselunu icarəyə götürməklə həll edib. Vurğulayaq ki, 33 yaşlı Xoselu yaşına rəğmən, geridə qarlmış mövsüm ərzində yüksək səviyyəli oyunu və məhsuldarlığı ilə diqqət çəkib.
Harri Keynə gəlincə, hücumçu 2022/2023 mövsümündə “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Keynin “Tottenheml”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.