“Real”ın “səsini” aldılar

“Real” oyunlar zamanı öz doğma ev stadionu “Santyaqo Bernabeu”da elanların və musiqinin səsinin ucalığını azaldıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, stadionun yaxınlığında yaşayan sakinlər “Espanyol”la oyunda (4:1) səs-küydən şikayətləniblər.

İndi “qaymaqlılar”ın stadionda konsertlərin və digər tədbirlərin keçirilməsinə icazə vermək üçün “Santyaqo Bernabeu”da səsboğma işləri müddətində, mümkün qədər aşağı səs ucalığından istifadə edəcək. Daha əvvəl, 2025-ci ilin yazına qədər planlaşdırılmış bütün konsertlər “Real”ın qonşularının səs-küydən şikayətləri səbəbindən ləğv edilib.

Həmçinin bildirilir ki, “Alaves”lə oyundan (3:2) əvvəl, oyun ərəfəsində və futbolçuların isinmə hərəkətləri zamanı stadionda musiqinin səsi azaldılıb. Daha sonra stadionun yüksək səs sistemi üzərindən elanların çatdırılması zamanı səsin ucalığı azaldılıb, amma oyun başlayandan sonra diktor adəti üzrə “səsini başına atıb” – adi qaydada bildirişlər edib.

Vurğulanır ki, “qaymaqlılar”ın azarkeşləri bu dəyişikliklərdən narazıdırlar:

“Vaxt gələcək ki, qolları sükutla qeyd etməli olacağıq. Əvvəl, onlar gileylənirdilər ki, bura konsert yeri deyil, futbol stadionudur, indi də qol şənlikləri onları bezdirib. Əvvəl-axır Florentino Peres bütün binaları almalı olacaq”, – “Real” azarkeşlərindən biri narazılıqla bildirib.