La Liqanın nümayəndələr komissiyası “Real”ın La Liqanın 29-cu turunda “Osasuna” ilə oyunun (4:2) baş hakiminə qarşı şikayətini rədd edib.
Arena.az xatırladır ki, paytaxt təmsilçisi “Osasuna” ilə səfər oyununda görüşün baş hakimi Xuan Martines Munueranın davanışından narazılığını müvafiq şikayət ərizəsi ilə İspaniya Kral Futbol Federasiyasına (RFEF) ünvanlamışdı.
Xatırladaq ki, oyun zamanı “Osasuna” azarkeşləri tribunalardan qonaq komandanın braziliyalı hücumçusu Vinisius Juniorun ünvanına “Vinisius, öl!” qışqırmaqla yanaşı, irqi təhqirlər səsləndiriblər. “Real”ın futbolçuları hakimin diqqətini bu məqamlara yönəltməyə çalışsalar da, paytaxt klubunun mövqeyinə görə, baş hakim Xuan Martines Munuera könüllü və bilərəkdən bu təhqirlərə göz yumub.
Bundan başqa, “Real” müvafiq şikayət ərizəsini İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da ünvanlayıb.
İspaniya La Liqası rəsmi saytında məsələ ilə bağlı mövqeyini əks etdirən bəyanatla çıxış edib:
“La Liqanın Rəyasət Komissiyası hesab edir ki, bu şikayət “Real”ın sözügedən dəstənin qərarlarından rəqabət üstünlüyü əldə etmək üçün sözügedən quruma təzyiq göstərmək niyyəti ilə ispan hakimlərə qarşı apardığı amansız tədbirin növbəti təzahürüdür.
Hakimlərin Texniki Komitəsinin bəyan etdiyi və təsdiq etdiyi kimi, Xuan Martines Munueranın hərəkətləri qüsursuz idi və hakimliyi tənzimləyən qaydalara diqqətlə uyğunlaşdırılmışdı. Faktların hər hansı başqa şərhi sadəcə olaraq yanlışdır”, – La Liqanın müvafiq bəyanatında deyilir.