Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” komandasını bundan sonra Recep Uçar çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Konya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqavilənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu gündən yeni komandasında işə başlayıb.
Recep Uçar son olaraq “Kayserispor”a rəhbərlik edib. O, 2023-cü ildən çalışdırdığı bu komandadan bu ilin yanvar ayında ayrılmışdı. “Kayserispor” bu məşqçinin rəhbərliyi altında keçirdiyi 21 oyunda 9 qələbə, 2 heç-heçə görüb, 10 məğlubiyyətlə üzləşib. Türkiyəli mütəxəssis daha öncə “Beşiktaş”da köməkçi-məşqiçi kimi çalışıb, həmçinin “Ümraniyəspor”un baş məşqçisi olub.
Xatırladaq ki, Uçar “Konyaspor”un baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Ali Çamdalını əvəz edib. Konya klubu bu ilin aprel ayında baş məşqçisi Fahrudin Omeroviçi istefaya göndərmiş və onu Ali Çamdalı ilə əvəzləmişdi. 2023-cü ildən klubun idman direktoru vəzifəsində işləyən Çamdalı komandanın müvəqqəti baş məşqçisi təyin olunmuşdu. O, ötən mövsümün sonuna qədər Konya təmsilçisini çalışdırmalı idi. Komandanı cəmi 4 oyuna çıxaran gənc mütəxəssis 1 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət görmüşdü. Amma onun rəhbərliyi altında mövsümü 41 xalla 16-cı pillədə başa vuran konyalılar elitada qalmışdılar. Klub rəhbərliyi məhz bu üzdən yeni mövsümdə də Konya təmsilçisinə Çamdalının rəhbərlik etməsinə qərar vermişdi. 40 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanmışdı. O, bu komandanı bütövlükdə 14 oyuna çıxarıb, 4 qələbə, 4 heç-heçə və 6 məğlubiyyət görüb.
“Konyaspor” bu mövsüm Türkiyə Super Liqasında uğursuz çıxış edir. Komanda 10 oyuna topladığı 11 xalla 11-ci sırada qərarlaşıb. Konya təmsilçisi 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətə üzülüb.


