Məşhur ingilis baş məşqçisi Harri Rednapp erməniəsilli yarımmüdafiəçi Arsen Zaxaryan haqqında sualı cavablandırıb.
Arena.az “RB Sport”a istinadən xəbər verir ki, Rednapp “Çelsi”nin maraq göstərdiyi Moskva “Dinamo”sunun oyunçusu barədə heç nə eşitmədiyini bildirib:
“Zaxaryan “Çelsi”də? Onun haqqında heç nə bilmirəm, onun haqqında ilk dəfədir eşidirəm. O, kimin üçün oynayır? “Dinamo” üçün? Nəsə demək çətindir, mən belə futbolçu tanımıram. Düzünü desəm, cavab vermək çətindir. Nəyisə şərh etmək mənim üçün çətindir”.
Xatırladaq ki, qış transfer pəncərəsində mətbuatda “Dinamo” və “Qalatasaray” arasında 20 yaşlı Zaxaryanla bağlı danışıqların aparılması, həmçinin futbolçunun “Çelsi”yə mümkün transferi ilə bağlı müxtəlif səpgili məlumatlar yayılmışdı. Lakin Türkiyə nəhəngi bu barədə çıxan bütün xəbərlərin şayiədən başqa bir şey olmadığını açıqlamışdı.
2022/2023 mövsümündə 20 yaşlı Zaxaryan “Dinamo”nun heyətində 37 oyun keçirib, 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin “ağ-göylülər”lə müqaviləsi 2024-cü ilin iyununa kimi nəzərdə tutulub.
“Transfermarkt” internet-portalı Arsen Zaxaryanı 15 milyon avro məbləğində qiymətləndirir.



