Redon Cica rəsmən “Qarabağ”da! – 550 minlik transfer

Futbol üzrə Albaniya yığmasının və “Tirana” klubunun hücumçusu Redon Cica bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu “Qarabağ”a transfer olunub.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 3.5 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasında 99 nömrəli formanı geyinəcək. Məşhur “Transfermarkt” portalının yazdığına görə, Azərbaycan çempionu bu transferə görə “Tirana”ya 550 min avro ödəyib.

Redon Albaniyanın “Tirana” klubundan transfer olunub. Onun bu klubla müqaviləsinin müddəti 2024-cü ilin 30 iyununa qədər idi. Bu üzdən Ağdam klubu “Tirana”ya müəyyən təzminat ödəməli olub. Amma bu təzminatın məbləği açıqlanmır.

Redon Cica karyerası ərzində yalnız öz ölkəsində çıxış edib. “Şkendiya”nın yetirməsi olan futbolçu 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub. Hücumçu “Laçi”in heyətində meydana çıxdığı 145 oyunda 35 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub. O, 2021-ci ildən “Tirana”da forma geyinirdi. Futbolçu bu komandanın heyətində də 55 oyuna 32 qola imza atıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Vaxtilə Albaniyanın U-21 yığmasında da oynamış hücumçu hazırda əsas milliyə dəvət alır. O, Albaniya milli komandasında 2022-ci ilin oktyabr ayında debüt edib və 2 oyuna çıxıb.

Xatırladaq ki, “Qarabağ” bu qış fasiləsində Cicadan öncə Adama Diakabini də transfer etmişdi.