Regekampf: “Azarkeşlər önündə günahkarıq”

“Neftçi”nın baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 34-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı başlamışdıq. Hesabı da açdıq. Qol vurduqdan sonra daha 2-3 real qol epizodumuz oldu. İkinci hissəyə isə çox pis başladıq. Qapımızda qol gördük. Demək olar ki, rəqibin qapısı önündə təhlükəli ola bilmirdik. Hazırda çətin vəziyyətdəyik. Futbolçuların probleminin nədə olduğunu öyrənməliyik. Üçüncü yerdəyik və kubokun finalında oynayacağıq. Bu oyun daha asan olmalı idi. Çünki üzərimizdə təzyiq yoxdur, rahat oynamalıyıq. Bu cür oyunlardan istifadə edərək, özümüzə inam yaratmalıyıq ki, finalda rahat olaq. Epizodlar yaradıb, oyundan həzz almalıyıq. Bunu görmədim. Yalnız ilk hissədə bəzi epizodlarda belə idi. Görürəm ki, oyunçular ancaq nəticəni fikirləşirlər. Onlar nəticəni yox, daha çox futbol oynamağı fikirləşməlidirlər. Çünki o bizim səviyyəmiz deyil. Bu qədər top itkisi, bu qədər epizodlardan yararlanmamaq… Biz daha yaxşı oynamalıyıq. Hazırda problemləri özümüz-özümüzə yaratmışıq. Amma bu vəziyyətdən çıxacağıq.

Daha çox 100 faizli qol epizodu yaratmalıyıq. Ötürmələr daha dəqiq olmalıdır. Təzyiqsiz oynamalıyıq. Bu, məni narahat edir. Ancaq ilk hissədə gördüyüm məqamlar mənə inam verir ki, birlikdə bu çətin periodu geridə qoyacağıq”.

Regekampf son dövrlərdə “Neftçi” azarkeşlərinin stadiona daha az gəlməsinə də münasibət bildirib: “Oyunlara az azarkeşin gəlməsinin mənim, oyunçuların və ya rəhbərliyin günahı olduğunu düşünmürəm. Hamımız birlikdə işləyirik, məqsədimiz eynidir. Azarkeşlərin stadiona gəlməməsi bizi narazı salır. Amma biz azarkeşlərin önündə günahkarıq. Çünki yalnız yaxşı oyunla onları stadiona geri gətirə bilərik. Əminliklə deyə bilərəm ki, qarşıdakı dövrdə futbolçularım bu haqda ciddi düşünəcək. Çünki onların kifayət qədər səviyyəsi var ki, bu cür matçlarda qalib gəlsinlər. Burada yalnız ürəyi meydanda qoymaq kifayətdir”.