Regekampf: “Bu, mənə qarşı hörmətsizlikdir”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 36-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun oldu. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Penalti epizodunda bir az şanssızlıq oldu. Amma hesabı qorumağı, 3 xal qazanmağı bacardıq. Bu, bizim üçün hazırda çox vacibdir. Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək.

Əvvəlki 3 oyunda “Sabah”a məğlub olmuşduq. Həmin matçlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Tam olaraq bu oyuna köklənmişdim. Bu qarşılaşmadan sonra kubokun finalında “Qəbələ”yə qarşı keçirəcəyimiz oyunu fikirləşməyə çalışacağam.

Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim oyundan əvvəl qalib olmur. Hər iki komandanın şansı bərabərdir. Hər iki komanda kuboku qazanmaq üçün sona kimi mübarizə aparacaq. Məncə, bu cür matçlara hansı kollektiv daha yaxşı köklənsə, daha yaxşı hazırlaşsa, kuboku da həmin komanda qazanacaq. Bəxtimizdən final oyunu doğma stadionumuzda keçiriləcək. Tribunaların dolu olacağını gözləyirik. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanıb, titula yiələnmək istəyirik”.

Laurentsiu Regekampf “Neftçi” kuboku qazana bilməsə, postunuzda qalacaqsız?” sualına bir qədər sərt reaksiya verib: “Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz? Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir”.

Murad Musayev: “Ən azı beş transfer gözləyirəm”

“Sabah”ın baş məşqçisi Murad Musayev isə mətbuat konfransında daha çox komandasının gələcək planları barədə söz açıb:

“Bəzi futbolçularımızla müqavilə müddəti bitir. Amma mövsüm bitməmiş heç bir futbolçu ilə danışmamışıq. Onlarla danışıb, razılıq əldə etməmiş bu barədə sizə məlumat verməyim də düzgün olmaz. İlk növbədə onlarla hər şeyi razılaşdırmalıyıq. Yeni transferlər də həyata keçirəcəyik. Ən azı beş transfer gözləyirəm.

Hazırlıq planımızı müəyyənləşdirmişik. Qəbələdə və ya Bakıda hazırlıq keçəcəyik. Oyunçular bizə qoşulana qədər kiçik heyətlə olacağıq. Onlar gəldikdən sonra Avstriyaya yollanıb, toplanışı orada keçəcəyik. Özüm isə sabah Krasnodara uçacam. Bir həftəyə yaxın dənizə gedəcəm, evdə olacam. İyunun 21-də Bakıya qayıdacağıq və təlim-məşq toplanışına başlayacağıq”.