Regekampf Şamaxı zəfərini şərh etdi, süni örtükdən şikayətləndi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 26-cı turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Komandamı üç xal qazanması münasibəti ilə təbrik edirəm. Futbol oynamaq istəyən komanda üçün bu cür meydança heç də uyğun deyil. Çünki çətinliklər olur. Sürət də normal meydandakından fərqli olur. Mövsümboyu təbii örtüklü meydanda məşq edən, oynayan komandanın sonradan belə örtükdə oynaması çox çətindir. Üstəlik, müdafiəyə qapanıb, əks-hücumlara bel bağlayan komandaya qarşı oynamaq da asan deyil.

Fikrimcə, Mateus Saldanyanın ilk epizodu qol olsaydı, oyun daha tez açılacaqdı və bizim üçün daha rahat olacaqdı. İstəmirəm rəqibin oyunçularını tənqid edim. Ancaq bəzo faktları qeyd etmək istəyirəm. Onlar üçün vacib olan qol buraxmamaq, bizə uduzmamaq idi. Bunu əldə etmək üçün hər şeyə hazır idilər. Biz qol vurandan sonra onların qapıçısı hər topu dərhal oyuna daxil edirdi. Ondan öncə isə bunu görmürdük”.

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli isə məğlubiyyətlə bağlı bunları dilə gətirib:

“Neftçi” ölkəmizin flaqmanıdır. Azarkeşlər tərəfindən çox sevilir. Həftəsonu olduğuna görə, azarkeşlər də stadiona gəldi. Maraqlı oyun alındı. Çətin olacağını bilirdik. Futbolçular gözlədiyimizdən də yaxşı oyun nümayiş etdirdilər. Əzmkarlıqda, taktiki planda rəqibdən geri qalmadıq. Təəssüf ki, ani diqqətsizlik qolla nəticələndi. Bu gün ilk yarıdakı epizodları vursaydıq, bəlkə də fərqli nəticə olardı. Fikrimcə, ədalətli nəticə heç-heçə idi. Amma rəqibin yaxşı oyununu da qeyd etmək lazımdır. “Neftçi”ni təbrik edirəm və gələcəkdə onlara uğurlar arzulayıram. Biz də, yolumuza davam edəcəyik.

Bizdə GPS-lər var, futbolçuları 90 dəqiqə izləyirik. Hansının gücü tükənirsə, onu əvəzləyirik. Sırf taktiki gedişə görə yox, fiziki hazırlığa görə. Oyunçular istədiyimiz məsafələrə qaçıblar, mübarizə aparıblar. Son dəqiqələrdə 3-4 qol şansımız oldu. Hər halda, hücum edib, daha sonra 100 metr geriyə qayıtmaq asan iş deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaş: