Regekampf: “Şayiələri şərh edə bilmərəm”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 35-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, rumıniyalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Üç xal qazandığımız üçün sevinirəm. Amma iki oyunçumuzun zədələnməsi məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik qatdı. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. “Sabah”la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik.

Aqil Məmmədovu çox yaxşı tanıyırıq, onun şansa ehtiyacı yoxdur. Hər zaman bizə kömək edə bilər. Hazırda İvan Brkiçə daha çox şans vermək lazımdır. Çünki, qarşıda iki çətin oyun var. Qapıçılarla futbolçular fərqlidir. Qapıda tez-tez dəyişiklik etmək olmaz. Bəzi oyunçular dincəlməyə layiqdirlər. Ona görə də bu gün qarışıq heyət buraxdıq. Məqsədimiz 3 xal qazanmaq idi. Futbolçuların göstərdiyi oyundan razı qaldım. Uzun müddət oyunamayan futbolçular da yaxşı mübarizə apardılar. Bu, məni sevindirir.

Höccət Haqverdini məhz mərkəz müdafiəçisi kimi transfer etmişik. Bu gün Ömər Buludova şans verdik. Yaxşı formada olduğunu gördük. Ömər həm müdafiədə etibarlıdır, həm də hücumlara yaxşı qoşulur. Ümid edirəm ki, Höccətin zədəsi ciddi deyil”.

Laurentsiu Regekampf yayda komandadan ayrılacağı barədə şayiələrə də münasibət bildirib, həmçinin bəzi futbolçuların yeni müqaviləyə imza atdıqlarını bildirib:

“Müqaviləsinin müddəti bitən bütün futbolçularla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda tam olaraq mövsümün son oyunlarına köklənmişik. Özümə gəlincə, komandadan ayrılacağım barədə şayiələri şərh edə bilmərəm. Deyə bilərəm ki, burada olacağam”.