Regekampfın daha bir köməkçisi bəlli oldu

Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın daha bir köməkçisi müəyyənləşib. Arena.az xəbər verir ki, bu gün paytaxt klubunun məşqçilər korpusuna yeni təyinat olub.

Rumıniyadan olan Florin Tene qapıçılar üzrə məşqçi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Florin Tene 1968-ci il noyabrın 10-da Rumıniyanın Buxarest şəhərində anadan olub. 2001-ci ildə məşqçiliyə başlayıb. O, ölkəsinin “Sportul Studentsesk” (2001-2002, 2010-2011), “Dinamo-2” (Buxarest, 2005-2006), “Proqresul” (2007-2009), “Otopen” (2009-2010), “Petrolul” (2012-2013), “Dinamo” (Buxarest, 2013), “Styaua” (2013-2014, 2015-2017) və “Universitatya Krayova” (2021-2022) klublarında çalışıb. Tene Rumıniya U-21 milli komandasında da 10 il (2002-2012) fəaliyyət göstərib. Təcrübəli mütəxəssis həmçinin Səudiyyə Ərəbistanının “Əl Hilal” (2014-2015), “Əl Əhli” (2021), Bolqarıstanın “Liteks” (2015), BƏƏ-nin “Əl Vəhdə” (2017-2018) və “Əl Vəsl” (2019-2020) klublarında qapıçıları çalışdırıb.

53 yaşlı mütəxəssis “Əl Hilal”, “Liteks”, “Styaua”, “Əl Vəhdə”, “Əl Vəsl”, “Əl Əhli” və “Universitatya Krayova” klublarında məhz baş məşqçi Laurentsiu Regekampf ilə birlikdə çalışıb.

Xatırladaq ki, “Neftçi”də bundan əvvəl 42 yaşlı Viorel Dinu köməkçi məşqçi, 34 yaşlı Boqdan-Kornel Merişanu isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyin olunmuşdu.