Futbol üzrə Fransa millisinin sabiq yarımmüdafiəçisi Remi Kabella özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Fransanın “Lill” klubu ilə anlaşıb.
Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Rusiyanın Ukraynaya hücumundan sonra – bu ilin martında “Krasnodar”dan azad agent qimində ayrılan Remi Kabella “Monpelye” ilə anlaşmışdı. O, mövsümün sonunadək sözügedən komandanın formasını geyinib. Kabella peşəkar karyerasına da 2009-cu ildə “Monpelye”də başlayıb. Yarımmüdafiəçi sonralar “Arl-Avinyon”, “Nyukasl”, “Olimpik” (Marsel) və “Sent Etyen”də də çıxış edib. O, Fransa millisində də 4 oyun keçirib.
Yeri gəlmişkən, Kabellanın yollarını ayırdığı “Monpelye” də heyətini
Vahbi Xazri ilə gücləndirib. 32 yaşlı tunisli futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb. O, yeni komandasında 99 nömrəli formanı geyinəcək. Hansı ki, “Monpelye”nin tarixində ilk dəfə bir futbolçu bu nömrə altında oynamağa qərar verib.
Fransada dünyaya göz açsa da, Tunis yığmasında çıxış edən Vahbi Xazri 2018-ci ildən “Sent-Etyen”də çıxış edirdi. O, daha öncə “Bastiya”, “Bordo”, “Sanderlend” və “Renn”də də forma geyinib. Tunis yığmasında 69 oyun keçirmiş futbolçu, 24 qola imza atıb.


