Renat Dadaşov əməliyyat edildi – azı 1 ay oynamayacaq

Futbol üzrə Azərbaycan millisinin və Türkiyənin “Ankaragücü” klubunun hücumçusu Renat Dadaşov əməliyyat olunub.

Arena.az xəbər verir ki, bununla bağlı “Ankaragücü” klubunun mətbuat xidməti məlumat yayıb.

Birinci liqa təmsilçisinin yaydığı açıqlamada qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edilən Dadaçovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.

Renat özü də əməliyyatdan sonra sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. 25 yaşlı hücumçu cərrahi müdaxilənin yaxşı keçdiyini bildirib. O, şəxsi “İnstaqram” hesabında bunları vurğulayıb:

“Hazırda sağalmağa və mümkün qədər tez qayıtmağa köklənmişəm”.

“Ankaragücü” bu mövsüm Birinci Liqada keçirdiyi 9 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Renatın komandası 13 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib. Renat karyerası ərzində “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Vulverhempton” (U-21), “Ayntraxt” (U-19), “Leypsiq” (U-19, U-17) kimi komandalarda da oynayıb.

Almaniyanın U-16 və U-17 yığmalarında da oynamış Dadaşov, 2017-ci ildə Azərbaycanın U-21 yığmasında 2 oyun keçirib. Elə həmin ilin sentyabrında əsas millimizdə debüt edən hücumçu indiyə qədər yığmamızda 34 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.